Qeyri-neft sektorunda ciddi inkişaf potensialı mövcuddur - Ekspert
Bakı, 29 avqust, AZƏRTAC
Qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycan hökumətinin 2010-cu illərdən sonra qarşısına qoyduğu əsas prioritet istiqamətdir. Buna görə də sosial-iqtisadi inkişafın müasir mərhələsində əsas vəzifələrdən biri iqtisadiyyatın diversifikasiyası ilə bağlı qeyri-neft sektorunun inkişafı və onun ixrac potensialının gücləndirilməsindən ibarətdir. Bunun da səbəbi odur ki, ölkə iqtisadiyyatının diversifikasiya olunması, ölkəyə gələn valyuta axınlarının artırılması, iqtisadiyyatın sağlamlaşdırılması, həmçinin məşğulluq problemlərinin həlli və ölkədə vətəndaşlara layiqli iş yerlərinin yaradılmasında qeyri-neft ixracı çox önəmlidir. Qeyri-neft sektorunun inkişafı bir tərəfdən respublikanın ixrac potensialının inkişafına təsir göstərir, digər tərəfdən isə əmək tutumlu sahələr olduğuna görə yeni iş yerlərinin açılmasına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə şərait yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.
O diqqətə çatdırıb ki, Azərbaycanda son illər qeyri-neft ixracının artımı müşahidə olunur: “Ötən ilin ilk altı ayında qeyri-neft ixracı 1,5 milyard dollar idisə, bu göstərici 2023-cü ildə müvafiq dövründə 1,8 milyard dollar təşkil edib. Bu da son altı ayda 300 milyon dollarlıq artım deməkdir. 2022-ci ilin birinci yarımilində ən çox ixrac olunan ilk 3 məhsulu nəzərdən keçirdikdə görürük ki, pambıq (137 milyon dollar), pomidor tomatı (127 milyon dollar), karbamid ixracı (99 milyon dollar) ilk üçlükdə yer alıb. Cari ilin müvafiq dövründə isə 314 milyon dollarla elektrik enerjisi ixracı birinci yer, 121 milyon dollarla pomidor tomatı ikinci yer, 69 milyon dollarla isə pambıq üçüncü yerdə qərarlaşıb. Müqayisəli baxdıqda görürük ki, elektrik enerjisi ixracı kəskin artıb, ancaq pomidor, pambıq kimi ixraclarda azalma var. Bu da deməyə imkan verir ki, qeyri-neft sektorunda artımın xüsusi çəkisi dövlət müəssisələri hesabına əldə olunur. Qeyri-dövlət sektorunda istənilən artım yoxdur.
Cari ilin altı ayı ilə ötən ilin müvafiq dövründə qeyri-neft sektoruna aid ən çox mal ixrac olunan ilk üçlükdəki dövlətlər eynidir. Ötən il sıralamaya uyğun olaraq Türkiyə, Rusiya və Gürcüstan idisə, bu il Rusiya, Türkiyə və Gürcüstan olaraq qeydə alınıb. Rəqəmlərdə hər üç ölkəyə ixracın artdığı müşahidə olunur. Ötən il Türkiyəyə ixrac 428 milyard dollar olmuşdusa, bu il 513 milyon dollar, Rusiyaya ötən il 382 milyon dollarlıq ixrac bu il 552 milyon dollar, Gürcüstana olan ixrac isə 88 milyon dollardan 180 milyon dollara yüksəlib”.
Ekspert qeyd edib ki, bu sahədə ciddi inkişaf potensialı mövcuddur: “Ölkə iqtisadiyyatının dayanıqlılığının artırılmasında qeyri-neft sektorunun ixrac potensialının ciddi əhəmiyyətini nəzərə alaraq, qeyri-neft sektorunun ixrac məhsullarının dünya bazarlarına çıxarılmasına imkan verən iri beynəlxalq layihələrin hazırlanması, beynəlxalq şirkətlərin yaradılması, ölkənin ixrac potensiallı məhsullarının bazarlarda möhkəmlənməsi üçün dünya dövlətləri ilə əlaqələrin genişləndirilməsi, bu əlaqələrdən ixrac potensialının artırılması tədbirlərində fəal istifadə edilməsi olduqca vacibdir”.