RƏSMİ XRONİKA
QIRĞIZISTANIN TƏHSİL VƏ ELM NAZİRİ KANIBEK OSMONALIYEVİN ÇIXIŞI
- Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev!
Hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğan!
Xanımlar və cənablar!
Biz çox vacib bir missiya ilə Azərbaycana təşrif buyurmuşuq.
Bizi buraya dəvət etdiklərinə, eyni zamanda, belə qonaqpərvərliyə görə istərdim ki, Qırğızıstan nümayəndə heyətinin adından Azərbaycan Respublikasının Prezidentinə, hörmətli cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirim. Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının belə yüksək səviyyədə təşkili üçün təşəkkür etmək istəyirəm. Eyni zamanda, qeyd etmək istərdim ki, qısa fasilədən sonra qurultayın fəaliyyəti bərpa olunmuşdur. İnanıram ki, bütün dövlətlərimiz bu qurultaylardan faydalanacaqlar.
Belə bir tədbirin keçirilməsi türkdilli dövlətlərin vəhdətinin, birliyinin mövcud olmasını bir daha göstərir. Bu kontekstdə çox vacib məsələ ondan ibarətdir ki, Qırğızıstanla qonşu türkdilli dövlətlər arasında mühüm əlaqələr mövcuddur. Bu əlaqələr tarix, mədəniyyət və dil birliyi əsasında formalaşmışdır. Onlar bir-birinə qarşılıqlı etimad əsasında həyata keçirilir. Bütün sahələrdə bu əlaqələr qardaşlıq ruhunda, bərabərlik və qarşılıqlı hörmət, ümumi maraq ruhunda həyata keçirilir.
Biz bu qurultayın keçirilməsini çox vacib, əhəmiyyətli hadisə kimi qiymətləndiririk. Belə ki, bütün sahələrdə səylərimizi daha canlı şəkildə həyata keçirmək mümkün olsun, daha səmərəli əməkdaşlıq edək, daha sıx dostluğun yaradılması mümkün olsun.
Türkdilli dövlətlərin birliyinin yaradılması, həm ikitərəfli, həm çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün qurultayın çox böyük əhəmiyyəti vardır. Biz başa düşürük ki, mədəniyyətlər arasında dialoqun yaradılmasına çoxdan ehtiyac vardır. Yəni, bir-birinə qohum olan bu dövlətlər arasında çox yüksək əlaqələr yaradılmış olsun. Siyasi əlaqələr artıq çox yüksək səviyyədə mövcuddur, bizi regional məsələlər birləşdirir. Eyni zamanda, biz istərdik ki, iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əməkdaşlıq nöqteyi-nəzərindən daha çox nailiyyətlər əldə edilmiş olsun. Bizim ölkələr arasındakı münasibətlərin genişləndirilməsi baxımından qurultayın komissiyalarının işi böyük əhəmiyyət kəsb edir. Onlar öz işləri ilə dostluq və əməkdaşlığın genişləndirilməsinə gələcəkdə daha çox töhfə verməlidirlər. Bu baxımdan inanıram ki, Qırğızıstanın qardaş türkdilli dövlətlərlə əlaqələrinin genişləndirilməsi XXI əsrdə davam edəcəkdir. Bu, qarşılıqlı etimad, qarşılıqlı hörmət əsasında həyata keçiriləcəkdir.
Biz düşünürük ki, gələcəkdə qurultay çərçivəsində əməkdaşlıq getdikcə inkişaf edəcəkdir, genişlənəcəkdir. Buna ölkələrimizin həm iqtisadi potensialı, həm də siyasi əlaqələri kömək etmiş olacaqdır. Biz öz tərəfimizdən qardaş türkdilli dövlətlərin birliyinə xidmət edən bütün layihələrdə iştirak etməyə hazırıq.
Diqqətinizə görə hamınıza təşəkkür edirəm. Hamınıza ən xoş arzularımı ifadə edirəm.
Çox sağ olun.