Qırmızı Qəsəbədə Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib
Bakı, 12 dekabr, AZƏRTAC
Quba rayonundakı Qırmızı Qəsəbədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.
Yəhudi Xəbərlər Agentliyinin (YXA) verdiyi məlumata görə, qəsəbədəki məktəbdə anım dərsləri keçirilib. Müəllimlər şagirdlərə ulu öndər Heydər Əliyevin həyat yolu, ümummilli liderin Azərbaycana sədaqətlə xidmət etməsi barədə məlumat veriblər.
Qırmızı Qəsəbənin Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Boris Simanduyev Yəhudi Xəbərlər Agentliyinə verdiyi müsahibədə deyib: “Zəmanəmizin böyük siyasi və dövlət xadiminin vəfatından 11 il keçir. O vaxtdan hər il dekabrın 12-də bütün Azərbaycanda yüz minlərlə insan Heydər Əliyevin abidələri önünə tər çiçəklər qoyur, ümummilli liderimizə hörmət və ehtiram əlaməti olaraq onu bir dəqiqəlik sükutla yad edirlər”.
Dağ yəhudilərinin STMEQİ beynəlxalq xeyriyyə fondunun təşəbbüsü ilə Qırmızı Qəsəbədə Heydər Əliyev adına park salınıb, Ümummilli Liderə abidə ucaldılıb.
Cənubu Qafqazın bu unikal yəhudi məskəninin sakinləri Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyur, nəvələrini oraya gətirir, ölkənin gənc vətəndaşlarına müasir dövrün böyük siyasi və dövlət xadiminin sülh işinə, respublikanın firavanlığı və tərəqqisi işinə verdiyi töhfə barədə söhbət açırlar.
Bu gün Qırmızı Qəsəbə sinaqoqunda dindarlar Heydər Əliyevin - bu böyük vətənpərvər insanın ruhuna dualar oxuyublar.
Respublikadakı yəhudilərin hər biri Heydər Əliyevin bu tarixi sözlərini yaxşı xatırlayır: “Azərbaycanda yəhudilər rahat yaşaya bilərlər!”.
Materialın tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: http://aen.ru/?page=brief&article_id=72366.