Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bak, 25 fevral (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjası (BFB) əməkdaşlarının iştirakı ilə Xocalı faciəsinin iyirminci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, QKDK sədri Rüfət Aslanlı 20 il bundan əvvəl Xocalıda baş vermiş hadisələri erməni millətçilərinin xalqımıza qarşı yönəltdiyi soyqırımı aktı kimi qiymətləndirərək onun XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş faciələrindən biri olduğunu qeyd etmişdir. Sədr Dağlıq Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda törədilmiş cinayətlərin tarixdə analoqu çox az olan terror aktlarından biri olduğunu bildirmiş, ermənilərin bu vandalizm aktının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməli olduğunu diqqətinə çatdırmışdır.
Digər çıxış edənlər də fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin mühüm strateji əhəmiyyətə malik olan Xocalı şəhərini işğal edərkən xüsusi qəddarlıq və amansızlıq nümayiş etdirərək kütləvi insan qırğınına səbəb olmuş soyqırımı törətdiklərini bildirmişlər.
Sonra Qarabağ müharibəsindən bəhs edən “Qarabağdır Azərbaycan” filmi nümayiş olunmuşdur.
Sonda R.Aslanlı Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlərin bütün dünyaya çatdırılması məqsədi ilə Azərbaycan hökuməti, xüsusilə Heydər Əliyev Fondu tərəfindən genişmiqyaslı tədbirlərin keçirildiyini nəzərə çatdırmışdır.