QKDK-da 20 Yanvar faciəsi ilə bağlı anma mərasimi keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, qurumun sədri Rüfət Aslanlı bildirmişdir ki, XX əsrdə totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsi Azərbaycan xalqına, ümumiyyətlə, humanizmə və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayətdir. Bununla bərabər, o dəhşətli gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, çağdaş milli azadlıq hərəkatının qəhrəmanlıq günü kimi daxil olmuşdur.
R.Aslanlı vurğulamışdır ki, bu qanlı hadisəyə ilk olaraq münasibətini bildirən ulu öndər Heydər Əliyev olmuşdur. Ümummilli lider özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib yerli və xarici jurnalistlər qarşısında bəyanat vermiş, keçmiş SSRİ rəhbərliyinin xalqımıza düşmən siyasətini ifşa etmiş, faciəni törədənləri cinayətkar adlandırmışdır.
Çıxış edənlər xalqımıza qarşı bu vəhşilik aktının sovet imperiyasının dağılması prosesinə daha böyük təkan verdiyini diqqətə çatdırmışlar. Vurğulamışlar ki, bu qanlı tarix Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizəsinin qəhrəmanlıq rəmzinə çevrilmişdir. Şəhidlərin əziz xatirəsinə ehtiram ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Beynəlxalq ictimaiyyətin bu faciəyə düzgün, obyektiv qiymət verməsi zəruridir.