ŞƏRH
Qlobal güclər, o cümlədən ABŞ COP29 çərçivəsində Azərbaycana tam dəstək nümayiş etdirir – ŞƏRH
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycan qlobal siyasət aləmində daha böyük nüfuz qazandıqca, ölkəmizdə keçirilən tədbirlərin də əhəmiyyəti bir o qədər artır. Məsələn, ölkəmizin 2015-ci ildə ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarında 8 minədək qonaq iştirak edirdi. COP29-a isə dünyanın 190-dan çox ölkəsindən 80 mindən artıq qonağın gələcəyi gözlənilir. Yəni, bu, miqyasına görə ən mötəbər tədbir olmaqla yanaşı, siyasi baxımdan da böyük əhəmiyyət kəsb edəcək. Bu, həm də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana verilən dəyərin, eyni zamanda, dövlətimizə olan inamın artmasının göstəricisidir. COP29 qlobal təşəbbüslərin geniş beynəlxalq platforma çərçivəsində səsləndirilməsi, Azərbaycanın öz reallıqlarını dünyaya çatdırması, iqlim və ekologiya məsələlərinə qlobal diqqətin artırılması, sülh prosesinin daha da irəli aparılması üçün də bir fürsətdir. Beləliklə, burada ekologiya və iqtisadiyyata “yaşıl baxış”dan tutmuş sülh quruculuğuna, qlobal geosiyasi proseslərə qədər ən mühüm məsələlər müzakirəyə çıxarılacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.
O, COP29-un ölkəmizdə keçirilməsini həm də Azərbaycanın Qarabağ münaqişəsini həll etməsinin, sülh danışıqlarında uğurlu irəliləyişlərə nail olmasının nəticəsi kimi xarakterizə edib. Baş məsləhətçinin sözlərinə görə, həm Prezident İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda açıqlamalarında bildirdilər ki, tərəflər arasında sülh müqaviləsinin ilkin mətni 80 faiz hazırdır. Yəni, sülh müqaviləsinin 13 maddəsi, preambula hissəsi tamamilə razılaşdırılıb və 3 maddə qalıb. Hətta N.Paşinyan razılaşdırılmış sənəd əsasında sülh üçün çərçivə sazişi imzalamağa hazır olduqlarını da bəyan edib. Bütün bunlar Azərbaycanın qarşıya qoyduğu strateji məqsədlər üzrə nailiyyətlər qazanmasının və siyasi gündəlikdəki həyati vacib məsələləri uğurla həyata keçirməsinin göstəricisi olmaqla yanaşı, COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı bütün işlərə məsuliyyətlə yanaşdığını nümayiş etdirir.
“COP29 fürsətlərlə yanaşı, həm də qlobal öhdəliklər deməkdir. Bu tədbiri keçirən ölkənin əsas öhdəliyi iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün dövlətlərin qərarlaşdırmalı olduğu məsələlərə dair konsensus yaratmaqdır. Bu isə daha sadə dillə desək, qlobal maraqların toqquşması deməkdir. Qlobal enerji və nəqliyyat dəhlizləri uğrunda mübarizənin getdiyi, iqlim mövzusunda həssaslığın qorunmasının vacib olduğu bir zamanda razılaşdırma və uzlaşdırma heç də asan proses deyil. Lakin Azərbaycan Ulu Öndər Heydər Əliyevin dövründən indiyədək qlobal maraqların ən usta uzlaşdırıcısına çevrilməyi bacarıb. Xatırladım ki, hələ SSRİ dağılmazdan əvvəl Azərbaycanın enerji qaynaqları uğrunda xarici dövlətlər və transmilli şirkətlər arasında mübarizə başlamışdı. Transmilli şirkət “Remco”nun rəhbər şəxslərindən biri Stiv Remp 1989-cu ildə artıq enerji danışıqları üçün Bakıda idi. Təlatümlərlə dolu 1991-1993-cü illərin siyasi xaosunun və enerji danışıqlarındakı fiaskoların ardından məhz Ümummilli Lider Heydər Əliyevin dahiyanə uzlaşdırıcı siyasəti nəticəsində “Əsrin müqaviləsi” imzalanmışdı. Bu müqavilə və onun 2016-cı ildə daha 50 il uzadılması regional enerji status-kvosunu yaratdı. Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi isə Avropanın ən etibarlı enerji tərəfdaşına, Şərqlə Qərb arasında bağlayıcı amilə çevrildi”, - deyə STM-in baş məsləhətçisi vurğulayıb.
Ş.Cəlilzadə bu gün Azərbaycanın “yaşıl iqtisadiyyat”a keçid istiqamətində müvafiq addımlar atdığını bildirərək deyib: “Ölkəmizin neft-qazdan asılılığını bəhanə gətirən, bunun BMT-nin iqlim dəyişikliklərinə dair hədəflərinə uyğun gəlmədiyini iddia edən bir sıra beynəlxalq təşkilatların və dövlətlərin, o cümlədən “Transparency International”, “Amnesty International”, “Human Rights Watch”, Fransanın müvafiq siyasi dairələrinin və başqalarının COP29 çərçivəsində Azərbaycana qarşı qlobal təbliğat kampaniyası həyata keçirdiklərini söyləyə bilərik. Onlara xatırlatma edilə bilər ki, COP26-nın keçirildiyi Böyük Britaniya da neft-qaz istehsalçısıdır və bu, onların “yaşıl iqtisadiyyat” mövzusunda həssaslığına xələl gətirmirdi. Bu cür mənfi məqamların fonunda görünən ən ali həqiqət odur ki, qlobal güclər, o cümlədən ABŞ COP29 çərçivəsində Azərbaycana tam dəstək nümayiş etdirir. ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə, qısa müddət sonra Bakı Enerji Həftəsi ilə əlaqədar Prezident İlham Əliyevə iki məktub ünvanlamasını, Azərbaycana COP29 çərçivəsində iqlimlə bağlı ümumi məqsədlərin irəlilədilməsi üçün dəstək verməyə hazır olmasını buna misal kimi göstərə bilərik”.
Baş məsləhətçi vurğulayıb ki, COP29 ərəfəsində ölkəmiz üçün ən əhəmiyyətli tarixi hadisələrdən biri 2022-ci il dekabrın 17-də imzalanan “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” əsasən, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında birgə müəssisənin təsis edilməsidir. Azərbaycanı 2020-ci ildə Qələbəyə aparan 1994-cü ildəki “Əsrin müqaviləsi” idisə, bizim üçün Zəfərimizin təminatçısı yeni iqtisadi və qlobal imkanlar yaradacaq “Yaşıl enerji dəhlizi” hesab oluna bilər.