Qobustan-Cəngiçay ərazisinə 150-dək ceyran köçürüləcəkdir
Bakı, 14 yanvar (AZƏRTAC). Ötən il dekabrın 24-də “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı Qobustan-Cəngiçay ərazisinə üzərində peyk vasitəsilə məlumat toplayan xüsusi siqnalötürücü xaltası olan ilk ceyran sürüsü buraxılmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, ötən müddətdə 21 başdan ibarət ceyran dəstəsi iki sürüyə bölünərək ərazidə məskunlaşmışdır. 2011-ci il yanvarın 12-nə olan peyk məlumatlarına əsasən, hazırda ceyranların birinci qrupu Güzdək qəsəbəsinin cənub-qərb, ikinci qrupu isə Abşeron rayonunun Cəngi kəndinin şimal-qərb istiqamətində müşahidə olunur. Hərəkət istiqamətlərindən asılı olaraq nazirliyin əməkdaşları tərəfindən ceyranların süni yem və su ilə təminatı həyata keçirilir.
Qeyd edək ki, layihə çərçivəsində mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması, quraq ərazilərdə su təminatı və yem tələbatının ödənilməsi, ceyran populyasiyasının mühafizəsinin gücləndirilməsi məqsədi ilə çevik antibrakonyer qrupların yaradılması və zəruri avadanlıqla təchiz edilməsi üçün işlər görülmüşdür. Köçürülmə areallarına yaxın yerlərdəki qəsəbə və kəndlərin əhalisi arasında maarifləndirmə işləri aparılmış, yol kənarlarında, arealların yaxınlığında xüsusi informasiya lövhələri qoyulmuşdur. Lövhələrdə ceyran ovunun qadağan edilməsi barədə xəbərdarlıq vardır.
Qobustan-Cəngiçay ərazisi ceyranların tarixi areallarından biri sayılır və buraya daha 150-dək ceyranın köçürülməsi nəzərdə tutulmuşdur.
Adı çəkilən layihə çərçivəsində ceyranların tarixi ərazilərində məskunlaşdırılması işi 2011-ci il ərzində də davam etdiriləcəkdir.