QSC-nin ekoloji monitorinq departamenti ötən ili uğurlu nəticələrlə yola salmışdır
Bakı, 7 yanvar (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) AZƏRTAC-a verilən məlumata görə, qurumun ekoloji monitorinq departamenti (EMD) 2010-cu ildə bütün sahələr üzrə monitorinq və tədqiqat işlərini yüksək səviyyədə yerinə yetirmiş və ili uğurlu nəticələrlə başa vurmuşdur.
QSC-nin layihə sahələrini əhatə edən “Abşeronneft” NQÇİ-nin Pirallahı, “Balaxanıneft” NQÇİ-nin Kürdəxanı, Balaxanı, “Siyəzənneft” NQÇİ-nin Neftvurma məntəqəsi, Sadan, Ataçay, Gil-gilçay, Z.Tağıyev adına NQÇİ-nin (Qala qəsəbəsi) mədən ərazilərində və Heydər Əliyev Beynəlxalq Aeroportun Böyükşor gölü ətrafındakı neft şlamı göllərinin ərazisində kompleks ekoloji monitorinq işləri uğurla yerinə yetirilmişdir.
2010-cu ildə EMD-nin normativ-texniki sənədlərlə iş şöbəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeçiliyində olan təşkilatlarda 16 ekoloji normativ-texniki sənədi yüksək səviyyədə işləyib hazırlamış və müvafiq dövlət qurumları ilə razılaşdıraraq sifarişçilərə təhvil vermişdir. EMD “Azneft” İstehsalat Birliyinin “28 May”, “Neft daşları”, “Abşeronneft”, “Qum adası”, və N.Nərimanov adına NQÇİ-nin mədən ərazilərində hər ay ekoloji monitorinq işlərini keyfiyyətlə aparmışdır.
Ötən il EMD-nin kompleks tədqiqatlar laboratoriyası (KTL) da vəzifələrinin öhdəsindən layiqincə gəlmişdir. KTL 455 nöqtədən 765 nümunə götürərək onların üzərində 2 min 67 fiziki-kimyəvi və kimyəvi təhlillər aparmışdır. Bundan başqa, KTL QSC-nin istehsalat sahələrinin 512 nöqtəsindən 1 250 nümunə götürmüş və nümunələr üzərində 4 min 120 təhlil aparılmışdır.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji monitorinq departamenti müasir metodlar, cihaz və avadanlıq tətbiq etməklə, ekoloji monitorinq və laboratoriya tədqiqat işlərinin daha da keyfiyyətlə və dünya standartları səviyyəsində yerinə yetirilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsini davam etdirir.