QSC yeni layihələrin icrasına başlamışdır
Bakı, 12 mart (AZƏRTAC). Ötən il “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ”Azneft” İstehsalat Birliyinin “Abşeronneft”, “Siyəzənneft”, “Balaxanıneft” və Z.Tağıyev adına neft-qazçıxarma idarələrinin (NQÇİ) mədən ərazilərində çirklənmiş torpaqların təmizlənməsi və yaşıllıqların salınması layihələrini uğurla başa çatdırmışdır.
QSC-dən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cari il tədbirlər planına “Balaxanıneft” və Ə.Əmirov adına NQÇİ-nin mədən ərazilərində neft şlamının bioremediasiyası və Qala gölünün ətrafının neft şlamından təmizlənməsi də daxildir. Bu layihələrin icrası isə “Ekol Mühəndislik Xidmətləri” QSC-yə həvalə edilmiş və artıq bu layihələr üzrə işlərə başlanılmışdır.
“Balaxanıneft” NQÇİ-nin ikinci mədən sahəsində QSC-nin həyata keçirdiyi rekultivasiya və bioremediasiya layihəsinin ərazisi 28 hektar (ha), çirklənmiş ərazilər isə 23,7 ha təşkil edir. Bioremediasiya üç sahədə aparılacaqdır. Artıq birinci bioremediasiya sahəsi (16 ha) hazırlanmış və şlamın daşınmasına başlanmışdır.
QSC-in icrasına başladığı ikinci layihə isə Ə.Əmirov adına NQÇİ-nin mədən ərazisində neft şlamının bioremediasiyasıdır. Layihə ərazisinin ümumi sahəsi 6 ha, çirklənmiş ərazi 1 ha, neft şlamının miqdarı 17 min 250 kubmetr təşkil edir. Neft şlamının bioremediasiyasının 5 ha ərazidə aparılması planlaşdırılmışdır. Hazırda layihə üzrə neft şlamı bioremediasiya sahəsinə daşınır. Qala gölünün ətrafından neft şlamının daşınmasına da başlanılmışdır.