Qubada dini radikalizmə və ekstremizmə qarşı mübarizə tədbirləri müzakirə olunub
Quba, 3 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qubada “Heydər Əliyev İli” çərçivəsində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans işinə davam edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba rayon Heydər Əliyev Mərkəzində üç gün davam edəcək konfransda din sahəsində mövcud olan problemlər, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər, həmçinin qarşıda duran vəzifələr müzakirə olunur.
Konfransın ikinci günündə Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazıları Naib Səttərov və Cavanşir Əfəndiyev mövzu ətrafında məruzələrlə çıxış ediblər.
Bildirilib ki, zaman-zaman Azərbaycanın yüksəlişini gözü götürməyən kənar qüvvələr qlobal və regional hegemon dövlətlərin maraqlarına xidmət edən radikal və ekstremist ideologiyaları, qatı məzhəbçiliyi, yad mədəniyyətləri din adı altında ölkəmizdə yaymağa cəhd ediblər. Xarici dairələrin ölkəmizdə apardıqları dini təbliğatda əsas məqsədin Azərbaycanı zəiflətmək, parçalamaq, ən azından təsir altına salmaq olduğunu söyləyən natiqlər, bu kimi hallara qarşı mübarizə çərçivəsində görülən tədbirlərdən danışıblar.
Vurğulayıb ki, Ümummilli Liderin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində dövlət-din münasibətlərində yeni mərhələ başlayıb, bu istiqamətdə qanunvericilik təkmilləşdirilib, inzibati idarəetmə mexanizmləri formalaşdırılıb, milli-mənəvi dəyərlərin qorunaraq gələcək nəslə ötürülməsi istiqamətində mühüm addımlar atılıb.
Baş Prokurorluğun nümayəndəsi Asim Yusifov və Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev çıxışlarında dinin siyasiləşdirilməsi cəhdlərinə, dini radikalizm və ekstremizmə qarşı effektiv mübarizənin aparılması, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi məqsədilə müxtəlif formatlarda birgə tədbirlərin keçirilməsinin olduqca əhəmiyyətli olduğunu vurğulayıblar.
Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gətirilmiş "Müasir çağırışlar və qarşıda duran əsas hədəflər" mövzusunda videoçarx nümayiş etdirilib.
Regional konfransın ikinci günü müzakirələrlə yekunlaşıb.