CƏMİYYƏT
Qubada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan ata və oğlu tutulublar
Bakı, 16 iyun, AZƏRTAC
Qubada narkotik tərkibli bitkiləri aqrotexniki qaydada qulluq edərək yetişdirən şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, rayon sakini Mirqasım Babayev və oğlu Kənan Babayev Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Onların yaşadıqları evin həyətinə, istixanasına və taxıl sahəsinə baxış zamanı ümumi çəkisi 47 kiloqrama yaxın olan 110 çətənə bitkisi aşkarlanıb. Mirqasım Babayev ifadəsində oğlu Kənanla birgə həmin bitkilərə aqrotexniki qaydada qulluq edərək becərdiyini bildirib. Bundan başqa, saxlanılan şəxslərin yaşadıqları fərdi evin zirzəmisindən çətənə bitkisindən kustar üsulla hazırlanmış 16 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci, 237.2.1-ci və 237.2.3-cü maddələri ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.