RƏSMİ XRONİKA
QUBADLI ŞƏHƏRİ QARA İLYASOV ADINA 1 SAYLI ORTA MƏKTƏBİN KOLLEKTİVİNƏ
Sizi, məktəbinizin məzunlarını və respublikamızın maarif işçilərini Qubadlı şəhəri Qara İlyasov adına 1 saylı orta məktəbin 125 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Sizin məktəbin yaranma tarixi XIX əsrin sonlarında Azərbaycanda maarifçilik hərəkatının geniş vüsət aldığı bir vaxta təsadüf edir. Artıq bu dövrdə ölkəmizdə milli mətbuat və milli teatr yaranmış, yeni maarifçilər nəsli yetişmiş və müasir tipli məktəblərin təşkili zamanın tələbinə çevrilmişdi. 1882-ci ildə Zəngəzur qəzasının Qubadlı kəndində məktəbinizin fəaliyyətə başlaması həmin proseslərin tərkib hissəsidir. Regionda təhsil şəbəkəsinin inkişaf etdirilməsində və gənc nəslin dünyəvi elmləri mənimsəməsində 125 illiyini qeyd etdiyimiz bu tədris müəssisəsinin xüsusi xidmətləri olmuşdur.
Cəmiyyətin inkişafını haqlı olaraq gənc nəslin maarifləndirilməsi və biliklərə yiyələnməsində görən Azərbaycan ziyalılarının əməyi sayəsində məktəbiniz keçən illər ərzində ölkəmizin qabaqcıl təhsil ocaqları sırasında özünəməxsus yer tutmuşdur. Məktəbin məzunları arasında respublikamızın ictimai-siyasi, mədəni-elmi həyatında yaxından iştirak etmiş ictimai xadimlər, yazıçılar və alimlər vardır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində təhsil sistemimiz böyük dağıntılara məruz qalmış, münaqişə zonasındakı bütün maarif ocaqları kimi, sizin məktəb də erməni qəsbkarları tərəfindən talan edilmişdir. Hazırda Sumqayıt şəhərində məskunlaşan bu tədris müəssisəsi pedaqoji nailiyyətlərini davam etdirərək, vətənpərvər ruhlu övladlar yetişdirilməsində qüvvə və bacarığını əsirgəmir. Ümidvaram ki, məktəbiniz ölkəmizin maarifçilik ənənələrinə sadiq qalaraq, Azərbaycan təhsil sisteminin inkişaf etdirilməsi işinə bundan sonra da öz töhfəsini verəcəkdir.
Yubiley münasibətilə hamınıza cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2007-ci il.