Qusardan cəbhəyə - hərbçilərimizə sovqatlar göndərilir
Qusar, 13 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 13-də Qusardan sovqatla dolu növbəti avtomobil karvanı cəbhə bölgəsinə yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş yük avtomobilindən ibarət karvanla döyüşçülərimiz üçün isti geyimlər, tibb və təmizlik ləvazimatları və başqa zəruri vasitələr göndərilib.
Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Qusar rayon təşkilatının sədri Canəli Hörmətov bildirib ki, ordumuzun düşmənin təxribatlarına qarşı sentyabrın 27-dən başlatdığı uğurlu əks-hücum əməliyyatı xalqımıza sevinc hissi yaşadır.
“Xalqımız ordumuzun yanındadır. İnanırıq ki, ordumuz bu döyüşdən qələbə ilə çıxacaq, işğal altında olan torpaqlarımız düşməndən tam azad ediləcəkdir”, - deyə C.Hörmətov söyləyib.
Cəbhə bölgəsinə göndərilən sovqatlar Qusar rayon sakinləri, yerli xeyriyyəçilər, həmçinin Rusiyada yaşayan həmvətənlərimiz tərəfindən toplanılıb.