Ramin Paşayev: “KOB evi”ndə 6 istiqamət üzrə xidmətlərin göstərilməsi nəzərdə tutulub
Bakı, 18 yanvar, AZƏRTAC
“Bakı KOB evi”ndə Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları tərəfindən sahibkarlara müvafiq xidmətlər göstərilir. Bu istiqamətdə bir sıra işlər yerinə yetirilməkdədir ki, bunlardan biri kimi hazırda “KOB ev”lərinin yaradılmasını göstərmək olar. “KOB evi”ndə 29 dövlət qurumu tərəfindən 150-dən artıq xidmətlərin göstərilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri Ramin Paşayev söyləyib.
R.Paşayev bildirib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq 6 istiqamət üzrə xidmətlərin göstərilməsi nəzərdə tutulub. Bunlardan 3-ü nazirliyin Nüvə və Radioloji Fəaliyyətin tənzimlənməsi üzrə dövlət agentliyi tərəfindən, digər 3-ü isə Sənayedə İşləyən Təhlükəsizliyin Görülməsi və Dağ-Mədən Dövlət Nəzarəti Agentliyi tərəfindən həyata keçiriləcək.
Şöbə müdiri qeyd edib ki, bu işlərin gələcəkdə regionlarda da təşkili nəzərdə tutulur. Ümumi işlərdə məhsuldarlığın artırılması və işlərin daha faydalı görülməsi üçün sahibkarların dəstəyi də olduqca zəruridir. Belə ki, sahibkarlar tərəfindən onların üzərinə düşən işlərin vaxtında və mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada yerinə yetirilməsi, ümumi işin sürətləndirilməsinə və nəticə etibarilə effektivliyin daha da artırılmasına xidmət edəcək.