Regional təhlükəsizlik inkişafımız üçün strateji əhəmiyyətə malikdir
Tbilisi, 18 dekabr, AZƏRTAC
Regional təhlükəsizlik inkişafımız üçün strateji əhəmiyyətə malikdir. Bu baxımdan GUAM PA-nın sessiyasında müzakirə olunan təhlükəsizlik, transsərhəd cinayətkarlığa qarşı birgə mübarizə bizim üçün mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli GUAM PA-nın Tbilisidə keçirilən sessiyasında söyləyib.
Deputat deyib: “Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və təcavüzkarın bu torpaqlardan qanunsuz istifadəsi davam edir. Beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı çox mühüm sənədlər qəbul olunub. Lakin Ermənistan bu sənədlərə məhəl qoymur və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir. Bugünkü status-kvo davam edə bilməz və dəyişməlidir”.
“Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün geri qayıtmalıdır”, - deyən A. Kərimli beynəlxalq ictimaiyyəti münaqişələrin həlli istiqamətində səylərini artırmağa çağırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi