REPRESSİYA OLUNMUŞ AZƏRBAYCANLILARIN VƏ GÜRCÜLƏRİN XATİRƏSİNƏ QARAQANDA VİLAYƏTİNDƏ ABİDƏLƏR UCALDILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstanın Qaraqanda şəhəri yaxınlığındakı Spasski adlanan yerdə repressiya qurbanı olmuş azərbaycanlıların və gürcülərin xatirəsinə abidələr ucaldılmışdır.
Mərasimdə Azərbaycan, Rusiya, Ruminya, Ukrayna, Gürcüstan, Polşa, Avstriya, Almaniya və Qırğızıstanın Qazaxıstandakı səfirləri, Qaraqanda vilayət və şəhər hakimiyyətinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
Mitinqdə çıxış edən Qaraqanda şəhər hakiminin müavini Askar Bazarbayev bildirmişdir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Fərmanı ilə hər il mayın 31-də ölkədə siyasi repressiya qurbanlarının xatirəsi günü qeyd olunur. Bu abidələrin qoyulduğu ərazidə məşhur “KarLaq” düşərgəsi olmuş, 1930-1950-ci illərdə burada 3 milyondan artıq günahsız adam cəza çəkmiş, bunların təxminən 800 mini güllələnmişdir.
Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov demişdir ki, repressiya illərində Azərbaycandan 150 mindən artıq adam Qazaxıstana sürgün edilmiş, onların bir çoxu həlak olmuş, qalanlarının övladları, nəvə-nəticələri Almatı, Cambul, Cənubi Qazaxıstan və digər vilayətlərdə yaşayırlar. “KarLaq”da güllələnmiş soydaşlarımızın sayı isə 28 mindir. Bu gün burada yerləşən memorial kompleksdəki abidələrin sayı artaraq 15-ə çatmışdır. Bundan sonra qazax, rus, Ukranya, alman, rumın, qırğız və digər xalqlarla yanaş, siyasi repressiyaya məruz qalmış azərbaycanlıların və gürcülərin xatirəsinə ucaldılmış abidələr də buraya gələnlərin diqqətini cəlb edəcəkdir. Səfir qeyd etmişdir ki, repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidə Qaraqandadakı diasporumuzun köməyi ilə mümkün olmuşdur.
Azərbaycan Daxili İşlər Nazirliyinin Qazaxıstandakı nümayəndəsi Yəhya Əliyev demişdir ki, bizim nəsildən 36 nəfər bu torpaqlara sürgün olunmuş, onların əksəriyyəti ayrı-ayrı illərdə güllələnmişdir.
Mərasim iştirakçıları abidələrin önünə çiçək dəstələri qoymuşlar.