Respirator xəstəliyi törədən virus PSR testinin nəticəsinə əsasən müəyyənləşdirilir
Bakı, 18 yanvar, AZƏRTAC
Temperatur, baş və boğaz ağrıları, burun axıntısı, öskürək, halsızlıq, əzələ və sümük ağrıları kimi əlamətlərə təkcə qripə səbəb olan influenza virusunun deyil, həmçinin koronavirus, rinovirus, adenovirus, parainfluenza virusu və digər respirator infeksiyaların törətdiyi xəstəliklərdə də rast gəlinir. Bunların diaqnostikası burundan, yəni nazofarengal yaxmadan alınan PSR testin nəticəsinə görə aparılır. Nəticəyə görə xəstəliyin hansı virus tərəfindən törədildiyi müəyyənləşir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionisti Vasif Əliyev nazirliyin instaqram səhifəsində “Qrip və respirator viruslar” mövzusunda canlı yayım zamanı deyib.
V.Əliyev bildirib ki, həmin əlamətlərə səbəb olan virusdan asılı olmayaraq, hər kəs bol maye istifadə etməli, sağlam qidalanmalı, mövsümə uyğun geyinməli, aktiv həyat tərzi keçirməlidir. Hərarət olduğu zaman qızdırmasalıcı dərmanlar xaricində hər hansı bir dərman istifadə edilməməlidir. Xəstəlik ağırlaşmağa doğru gedərsə, həkim müayinəsindən sonra əlavə dərman vasitələri təyin oluna bilər.