Respublika Qan Bankında Ümumdünya Qan Donoru Günü münasibətilə tədbir keçirilib







Bakı, 14 iyun, AZƏRTAC
Səhiyyə Nazirliyi Respublika Qan Bankında 14 İyun - Ümumdünya Qan Donoru Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev bu günün mahiyyəti, qan donorluğunun əhəmiyyəti barədə danışıb. Bildirib ki, son illər ölkəmizdə səhiyyə sahəsində mühüm nailiyyətlər əldə olunub.
“Bu gün ölkəmizdə səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların əsasında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı dayanır. Səhiyyənin bütün istiqamətləri üzrə, o cümlədən qan donorluğu sahəsində mühüm addımlar atılıb”, – deyə icraçı direktor qeyd edib.
O vurğulayıb ki, donor qan banklarının maddi-texniki bazasının gücləndirilməsi, müasir tibbi avadanlıqlarla təmin olunması, yeni texnologiyaların tətbiqi bu sahədə keyfiyyətin və təhlükəsizliyin artırılmasına xidmət edir.
Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev çıxışında bildirib ki, Ümumdünya Qan Donoru Günü təhlükəsiz qan və qan komponentlərinə olan tələbata ictimaiyyətin diqqətini cəlb etmək, bu sahədə maarifləndirmə işini genişləndirmək, eyni zamanda, öz qanı ilə ehtiyacı olan şəxslərin həyatını xilas edən donorlara ehtiram nümayiş etdirmək məqsədi daşıyır.
Tədbirdə könüllü qanvermə hərəkatına göstərilən dəstəyə görə fəxri fərmanlar, təşəkkürnamələr təqdim edilib, qan xidməti sahəsində əməkdaşlıq edən qurumlara və fərdi donorlara minnətdarlıq ifadə edilib.
Qeyd edək ki, tədbirdə bir sıra dövlət və özəl təşkilatların əməkdaşları, fərdi donorlar iştirak ediblər.
Xatırladaq ki, 14 İyun - Ümumdünya Qan Donoru Günü 2005-ci ildə təsis edilib. Həmin ilin mayında Cenevrədə Dünya Səhiyyə Təşkilatı Assambleyasının 88-ci sessiyasında 14 iyunun könüllü qan verən donorların şərəfinə Ümumdünya Qan Donoru Günü kimi qəbul olunması barədə qərar qəbul edilib.