Respublika veteranları: Ermənistan iqtisadi inkişafa nail olmaq istəyirsə Azərbaycanın əməkdaşlıq səylərini dəstəkləməlidir
Bakı, 24 may, AZƏRTAC
Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mayın 21-də videoformatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələr zamanı səslənən fikirlər və onlardan irəli gələn vəzifələrlə bağlı mayın 24-də Respublika Veteranlar Təşkilatının inzibati binasında tədbir təşkil olunub.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbiri açaraq, dövlətimizin başçısının həmin tədbirdə səsləndirdiyi fikirləri ətraflı şərh edib, bu çıxışda irəli sürülən mülahizələrin, sadəcə, Azərbaycanın deyil, ümumilikdə regionun gələcəyi baxımından mühüm önəm kəsb etdiyini bildirib: “30 illik işğal faktının bütün regionda sülh və tərəqqinin inkişafına mənfi mənada təsir göstərdiyi, ciddi problemlərə səbəb olduğu məlumdur. Qürurverici haldır ki, 30 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı azad etdi, dövlətimizin ərazi bütövlüyü təmin olundu. Bu gün regionda inkişaf və əməkdaşlıq üçün yeni perspektiv açılıb. Dövlətimizin başçısı mayın 21-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi müzakirələr zamanı da bu məsələyə diqqət çəkdi. Prezident qeyd etdi ki, məhz erməni işğalı son 30 ildə regionda sülh və əməkdaşlıq üçün əsas maneə təşkil edir, ciddi problemlər yaradırdı. Lakin artıq bu problem ortadan qalxıb. Azərbaycanın 44 günlük Vətən müharibəsi Qafqaza, bütün regiona sülh gətirib”.
Cəlil Xəlilov qeyd edib ki, Ermənistanın işğalçı siyasəti onun özü üçün acınacaqlı nəticələrə səbəb olub. Ermənistanın işğalçılıq siyasəti onu bütün regional iqtisadi layihələrdən kənarda qoyub. Bu gün Ermənistan böhrandan çıxmaq, normal iqtisadi inkişafa nail olmaq istəyirsə, Azərbaycanın sülh və əməkdaşlıq səylərini dəstəkləməli, təxribatçı və məkrli addımlardan imtina etməlidir. Ermənistan anlamalıdır ki, regionda əməkdaşlıq hər kəsdən daha çox onun özü üçün gərəklidir. Çünki bu gün Ermənistanın necə ağır bir böhranla üzləşdiyi bütün dünyaya məlumdur.
Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov da Vətən müharibəsindən sonra regionda əməkdaşlıq üçün geniş imkanların yarandığını, bu imkanları düzgün dəyərləndirmək üçün bütün region dövlətlərinin Prezident İlham Əliyevin səylərini dəstəkləməsinin vacib olduğunu qeyd edib.
Təşkilatın filial sədrləri də Prezident İlham Əliyevin sülh və əməkdaşlıq səylərinin bütün regionun bu günü və gələcəyi baxımından həyati əhəmiyyət kəsb etdiyini vurğulayıblar.