Riqada ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Riqa, 8 may, AZƏRTAC
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Azərbaycanın Latviyadakı səfirliyində də qeyd edilib.
Səfirliyin əməkdaşlarının, Latviyada fəaliyyət göstərən diasporun, bu ölkədə təhsil alan azərbaycanlı gənclərin nümayəndələrinin iştirak etdikləri mərasimdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov bildirib ki, dahi Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində, müasir müstəqil dövlətimizin qurulmasında və hərtərəfli tərəqqisində xüsusi yer tutan müstəsna xidmətləri və rolu danılmazdır. Səfir ümummilli lider Heydər Əliyevin şərəfli və məzmunlu ömür yolundan, Prezident İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsindən söhbət açıb.
Diasporun nümayəndələri çıxışlarında dünya azərbaycanlılarının bir araya gətirilməsində görkəmli siyasi xadim, ulu öndər Heydər Əliyevin rolunu vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan diasporu Heydər Əliyevin müstəqil respublikamıza rəhbərlik etdiyi illərdə formalaşıb və inkişaf edib, öz tarixi Vətəni ilə sıx əlaqələri nümayiş etdirib. Bu gün dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın Azərbaycan Respublikasını öz Vətəni hesab etmələri, azərbaycançılıq ideyası ətrafında birləşmələri Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.
Digər çıxış edənlər əlçatmaz zirvələri fəth edən böyük şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev haqqında fikirlərini bölüşüblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa