RSXM-nin əməkdaşı Vikipediyada yaratdığı çoxsaylı məqalələrə görə sertifikatla təltif olunub
Bakı, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da “Qorqud” Vikipediya Metodik Klubunun və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Vikipediya təlimlərində iştirak edən və Azərbaycanla bağlı çoxsaylı məqalələr yaradan təlim iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə təlim iştirakçıları diplom və sertifikatlarla təltif olunublar. Tədbirdə “Qorqud” Vikipediya Metodik Klubunun, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, eləcə də təlimi yüksək göstəricilərlə başa vurmuş elmi müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin şöbənin redaktoru Nuranə Məmmədova “Qorqud” Vikipediya Metodik Klubunun təlimlərində uğurlu iştirakına və yeni məqalələr hazırladığına görə diplomla, eləcə də Vikipediyanın Azərbaycan bölməsində İnformasiyanın kontent təhlükəsizliyi ilə bağlı yaratdığı çoxsaylı məqalələrə görə sertifikatla təltif olunub. Mükafatı YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev təqdim edib.