Rumıniyada 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Yanvarın 20-də Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi tərəfindən Qanlı Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının, insan hüquqları üzrə və müxtəlif digər sahələr üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının əməkdaşları və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdən əvvəl iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuşlar. Sonra 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov 1990-cı il yanvarın 20-də SSRİ rəhbərliyinin, sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə ətraflı söhbət açmış, öz konstitusion hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının vəhşicəsinə güllələndiyini diqqətə çatdırmışdır. Bu faciə zamanı 130-dan çox insanın qətlə yetirildiyini və 700-dən artıq insanın müxtəlif dərəcəli yaralar aldığını qeyd etmişdir. Səfir həmin hadisələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə siyasi qiymət verildiyini bildirmişdir.
Eldar Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək, sovet dövlətinin rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulamışdır.
Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlayaraq, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırmışlar.
Sonra anma mərasimi iştirakçıları “Qanlı Yanvara aparan yol” sənədli filminə baxmışlar.
Səfirlik tərəfindən 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən geniş press-reliz Rumıniyadakı bütün səfirlik və beynəlxalq təşkilatların nümayəndəlikləri, Rumıniyanın nazirlik və digər dövlət strukturları və qeyri-hökumət təşkilatları arasında yayılmışdır. Rumıniya KİV-lərində 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc etdirilmişdir.