Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənnindən imtahan verəcəklər
Bakı, 22 aprel, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 26-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirəcək.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, qeyd olunan şəhərlər üzrə ümumilikdə 20 mərkəzdə təşkil olunacaq imtahan saat 13.00-da başlanacaq və 45 dəqiqə ərzində aparılacaq.
İmtahanda iştirak etmək üçün abituriyentlər TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada abituriyentin imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.
Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər: “İmtahana buraxılış vərəqəsini”; şəxsiyyəti təsdiqləyən sənədin əslini.
Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, abituriyentlər imtahana buraxılmayacaqlar.
Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İmtahanda 8 min 426 abituriyentin iştirak edəcəyi gözlənilir.
İmtahana nəzarətçi-müəllimlər nəzarət edəcəklər.
Aprelin 26-da keçiriləcək imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblərdən imtahanda iştirak etməyənlər 2015-ci il iyulun 7-də aparılacaq növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.