Rusiya Prezidentinin köməkçisi: Heydər Əliyevin israrı və qətiyyəti sayəsində BAM-ın tikintisinə başlanıldı
Moskva, 26 aprel, AZƏRTAC
Heydər Əliyev Siyasi Büronun Baykal-Amur magistralının tikintisini dəstəkləyən üzvlərindən biri olub. Hökumətin bu magistralı inşa etmək qərarı sayəsində biz bu gün Rusiyada yükləri Şərqə daşıya bilirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi İqor Levitin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və onun Baykal-Amur magistralının tikintisinə verdiyi töhfəyə həsr olunmuş sərginin açılışında söyləyib.
İ.Levitin xatırladıb ki, sərgi Rusiya və Azərbaycan prezidentlərinin razılığı əsasında Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində açılır. O əlavə edib: “Heydər Əliyev Baykal-Amur magistralının tikintisi üzrə məsul şəxs idi. Bu, həqiqətən də ümumittifaq tikintisi idi. Onun israrı və qətiyyəti, Siyasi Büroda bu tikintinin vacibliyini sübut etməsi sayəsində BAM-ın tikintisinə başlanıldı”.
Rusiya Prezidentinin köməkçisi deyib: “Gələn il biz bu tikintinin 50 illiyini qeyd edəcəyik. Bu gün biz həmin qərarı qəbul edənlərin nə qədər müdrik olduğunu görürük. Ona görə də mən Rusiyanın Nəqliyyat Nazirliyi, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, dəmir yolu idarələrinin rəhbərləri və əlbəttə, BAM-ın veteranlarına təşəkkürümü bildirmək istəyirəm. Çox şadam ki, bu gün burada Azərbaycan və Rusiyada yaşayan BAM veteranları iştirak edirlər. Onlar Rusiya üçün mühüm olan bu magistralın tikilməsi üçün əllərindən gələni əsirgəməyiblər”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva