Rusiya sülhməramlılarının avtomobil karvanının aksiya ərazisindən keçidi təmin olunub
Şuşa, 23 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Həmişəki kimi, bu gün də Rusiya sülhməramlılarına məxsus avtomobillər azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara aid on beşi yük və bir minik avtomobilinin Laçından Xankəndiyə doğru hərəkətinə şərait yaradılıb. Bunlardan dördü yanacaqdaşıyan avtomobildir.
Həmişə olduğu kimi, bu gün - ekoaksiyanın 74-cü günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, hazırkı vaxtadək aksiya ərazisindən 29 avtomobilin keçidi təmin olunub.