Rusiyalı politoloq: Qlobal aktor olan Azərbaycan BRICS üçün xüsusi əhəmiyyətə malikdir

Moskva, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində 32 ölkədən nümayəndə heyətlərinin iştirak edəcəyi BRICS sammiti keçiriləcək. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də Kremldə ikitərəfli danışıqlar zamanı Azərbaycan Prezidenti İlham Əliyevi Rusiya Federasiyasının sədrliyi ilə keçiriləcək sammitə dəvət edib. Rusiyalı politoloq Yevgeni Mixaylov AZƏRTAC-ın müxbiri ilə söhbətində BRICS sammitinin əhəmiyyətindən və Azərbaycanın təşkilata üzv ölkələrlə əməkdaşlığının perspektivlərindən danışıb.
Y. Mixaylov qeyd edib ki, BRICS-in XVI sammitində Qlobal Cənubun ən böyük iqtisadiyyatlarının nümayəndələri iştirak edəcəklər. O əlavə edib: “Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edən ölkə kimi BRICS ilə əməkdaşlıq yolunu seçib və təşkilata üzv olmaq üçün müraciət edib. Bakının BRICS-in təsisçisi olan bütün ölkələrlə və bu təşkilata daxil olmaq istəyən dövlətlərlə əlaqələri var. Qlobal Qərbdən fərqli olaraq, BRICS-da ölkələrə müstəmləkəçi, metropolist yanaşma yoxdur. Burada hamının bərabər hüquqları var, ümumi oyun qaydaları işlənib hazırlanıb, ölkələr bir-birinin milli maraqlarına hörmətlə yanaşır”.
Politoloq qlobal aktor və Cənubi Qafqazda sülhün təminatçılarından biri olan Azərbaycanın BRICS üçün xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
“Hazırda təşkilat BRICS-də tərəfdaş ölkə formatını nəzərdən keçirir. Hesab edirəm ki, bu, gələcəkdə təşkilatda tammiqyaslı iştirak üçün keçid mərhələsidir”, - deyə Mixaylov bildirib.
Rusiyalı politoloq xatırladıb ki, BRICS-in flaqman layihələrindən biri Rusiyanın şimal dənizlərindəki limanlarını Baltikyanı, Fars körfəzi və Hind okeanı sahillərindəki terminallarla birləşdirəcək “Şimal-Cənub” marşrutunun inkişafıdır. O əlavə edib: “Şimal-Cənub” marşrutu da Azərbaycandan keçəcək. Bu kontekstdə Zəngəzur dəhlizi ümumi konsepsiyaya uyğun gəlir. Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Beləliklə, onun açılması ilə İran, Türkiyə və regionun digər ölkələrindən Şimal-Cənub infrastrukturuna çıxış imkanı yaranacaq”.
Ekspert müsahibənin sonunda qeyd edib: “Əminəm ki, BRICS sammitində Cənubi Qafqaz regionu və Bakının digər iştirakçı dövlətlərlə qarşılıqlı fəaliyyəti ilə bağlı çox mühüm qərarlar qəbul ediləcək”.
Xatırladaq ki, 2006-cı ildə Braziliya, Rusiya, Hindistan, Çinin iştirakı ilə yaradılan BRICS həmin vaxt təsisçi ölkələrin (Braziliya, Rusiya, Hindistan, Çin) adlarının baş hərfləri ilə “BRIC” adlandırılıb. Daha sonra bu ittifaqa Cənubi Afrika da qoşulub və təşkilat BRICS adlandırılıb. Hazırda təşkilat BƏƏ, İran, Misir və Efiopiya daxil olmaqla 9 ölkəni birləşdirir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva