Rusiyanın nəqliyyat naziri: Heydər Əliyev tarixdə əbədi olaraq qalacaq
Moskva, 26 aprel, AZƏRTAC
Heydər Əlirza oğlu Əliyev tarixdə əbədi olaraq qalacaq, onun adı BAM-ın tikintisi salnaməsinə qızıl hərflərlə yazılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və onun Baykal-Amur magistralının tikintisinə verdiyi töhfəyə həsr olunmuş sərginin açılışında söyləyib.
Nazir vurğulayıb: “Bu sərgi Heydər Əliyevin 100 illiyinə həsr olunub. Bu gün burada Heydər Əliyevin talelərində əsas rol oynadığı veteranlar iştirak edirlər. Çıxış edənlərin hamısı Heydər Əlirza oğlunu SSRİ-nin nəqliyyat sisteminin inkişafı, o cümlədən Baykal-Amur magistralının tikintisi üçün çoxlu işlər görmüş yüksək peşəkarlıq qabiliyyətinə malik insan kimi xarakterizə etdilər. Onun adı BAM-ın tikintisi salnaməsinə qızıl hərflərlə yazılıb və biz bunu daim xatırlayacağıq”.
Rusiya və Azərbaycanın nəqliyyat idarələri arasında əməkdaşlıqdan bəhs edən V.Savelyev vurğulayıb ki, nazirliklər birgə layihələr üzərində iş aparır. “Bizim xalqları dərin tarixi köklər birləşdirir, ölkələrimiz arasında siyasi münasibətlər kifayət qədər ciddi səviyyədədir. Hazırkı nəqliyyat nazirlərinin vəzifəsi bizim nəqliyyat infrastrukturunu inkişaf etdirməkdir”, - deyə nazir əlavə edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva