Rustavidə gürcü şair və yazıçıların yaradıcılığına həsr olunmuş ədəbiyyat gecəsi keçirilib
Tbilisi, 2 dekabr, AZƏRTAC
Rustavi Təhsil və Mədəniyyət Mərkəzində tanınmış gürcü şair və yazıçıların yaradıcılığına həsr olunmuş ədəbiyyat gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə mərkəzin gürcü dili və ədəbiyyatı kursunun şagirdləri Şota Rustavelinin aforizmlərini, Akaki Tseretelinin “Suliko”, Vaja-Pşavelanın “İya”, Aleksandre Çavçavadzenin “Vah! Droni, droni”, Leo Kiatşelin “Mitsaa”, Ana Kalandadzenin “Tuta” əsərlərindən parçalar səsləndiriblər, həmçinin Nodar Dumbadzenin “Me, bebia, İliko da İlarioni” (“Mən, nənə, İliko və İlarioni”) və İlya Çavçavadzenin “Katsia adamiani” (“Kişidirmi bu adam”) əsərlərindən səhnəciklər göstəriblər.
Mərkəzin rəhbəri Raida Dərziyeva bildirib ki, tanınmış gürcü şair və yazıçıların əsərlərinin mərkəzin müdavimlərinə öyrədilməsi xalqlarımız arasında ədəbi dostluğun inkişaf etdirilməsinə töhfə verəcək. Belə ki, bədii ədəbiyyat uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm vasitələrdən biridir. Azyaşlıların uyğun ədəbiyyatla tanış olmaları onlarda həyat hadisələrinə, insanlara, təbiətə böyük maraq yaradır.
“Bədii əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin inkişafı uşaqların dünyagörüşünü genişləndirdiyi kimi, məlumatlarını da artırır. Şagirdlər təlim prosesində bədii ədəbiyyatı oxuyub təhlil edərkən bir daha bu amili təsdiqləyirlər. Buna görə də uşaqların kamilləşməsinə, bədii-estetik zövqünün inkişafına təsir edən bədii ədəbiyyatın oxunması Mərkəzin tədris proqramına daxil edilib və eyni zamanda, Azərbaycan yazıçılarının da əsərləri sistemli və müntəzəm şəkildə şagirdlərimizə təlqin olunur”, - deyə R.Dərziyeva bildirib.
Tədbirdə, həmçinin digər gürcü qrupunun şagirdləri arasında bilik yarışması keçirilib. Yarışda onlar indiyədək öyrəndikləri mövzular barədə sualları cavablandırıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi