SABAİL RAYON QADINLAR CƏMİYYƏTİNDƏ MART SOYQIRIMI QURBANLARININ XATİRƏSİNİ AHMA TƏDBİRİ KEÇİRİLMİŞDİR
Bakı, 1 aprel (AZƏRTAC). Səbail Rayon Qadınlar Cəmiyyətində 31 Mart - Azərbaycanlıların soyqırımının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Cəmiyyətin sədri Almara Hümbətova erməni millətçilərinin zaman-zaman azərbaycanlılara və türklərə qarşı bəşər tarixində misli-bərabəri olmayan vəhşiliklər törətdiklərini konkret faktlarla diqqətə çatdırmışdır. Bildirmişdir ki, erməni daşnaklarının 1918-ci ilin martında Rusiya bolşevikləri ilə birləşərək Azərbaycanın müxtəlif guşələrində, o cümlədən Bakıda, Qubada, Şamaxıda, Gəncədə, Lənkəranda və digər ərazilərimizdə qadınlara, uşaqlara, qocalara fərq qoymadan qarşılarına çıxan dinc əhalini kütləvi surətdə ən qəddar üsullarla qətlə yetirmələri soyqırımı siyasətinin tərkib hissəsidir. Natiq tədbir iştitakçılarına xain qonşularımızın tarixin sonrakı mərhələlərində də xalqımıza qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasəti barədə ətraflı məlumat vermişdir.
Digər çıxış edənlər də ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışmış, bu soyqırımına ilk dəfə ümummilli lidermiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini xüsusi vurğulamış, hazırda ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə inamlarını ifadə etmişlər.