Sabunçu rayon gəncləri “Xocalının səsi” adlı onlayn tamaşa təşkil ediblər
Bakı, 27 fevral, AZƏRTAC
Sabunçu Gənclər evinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabunçu nümayəndəliyinin birgə təşəbbüsü ilə “Xocalının səsi” onlayn teatrı təşkil olunub.
Gənclər evindən AZƏRTAC-a bildiriblər ki, onlayn tamaşada rolları Gənclər evinin üzvləri və könüllülərdən ibarət gənc aktyorlar ifa ediblər. "Zoom" platforması vasitəsilə yayımlanan onlayn teatr ümumilikdə 100-ə yaxın gənc tamaşaçının iştirakı ilə baş tutub.
“Xocalının səsi” onlayn tamaşası Xocalı soyqırımını və Azərbaycanın Vətən müharibəsində Şanlı Qələbəsini əks etdirən iki səhnədən ibarət olub. Gənclər birinci səhnədə 1992-ci ildə Xocalıda törədilən soyqırımını, ermənilərin dinc əhaliyə qarşı amansız cinayətlərini əks etdirən səhnələri canlandırıblar. İkinci səhnə isə 44 günlük Vətən müharibəsində Azərbaycanın Şanlı Zəfərinə həsr olunub.