Sabunçu rayonunda 3 min manata tapança satmaq istəyən şəxs saxlanılıb
Bakı, 7 avqust, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəticədə Bakı şəhər sakini əvvəllər Cinayət Məcəlləsinin 228-ci və 234-cü maddələri ilə məhkum olunmuş 1981-ci il təvəllüdlü Balakişiyev Adil Əşrəf oğlundan 1 “Makarov” markalı tapança, 1 patron darağı və 4 patron aşkarlanaraq götürülüb. A.Balakişiyev silah-sursatı bir müddət əvvəl əldə etdiyini və 3 min manata satmaq istədiyini bildirib. Saxlanılan şəxslər barəsində 13-cü polis şöbəsində toplanan materiallar rayon polis idarəsinə göndərilib, araşdırmalar davam etdirilir.