Şagird: Naxçıvan Dövlət Universitetində IELTS mərkəzinin olması böyük fürsətdir


Naxçıvan, 20 mart, AZƏRTAC
Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində (NDU) 2022-ci yaradılan IELTS Qeydiyyat və İmtahan mərkəzi yüksək nəticələr təqdim etməkdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti yüksək nəticə Naxçıvan Dövlət Universiteti (NDU) nəzdində Gimnaziyanın 11-ci sinif şagirdi Məcid Səfərlidə qeydə alınıb. O, martın 13-də IELTS mərkəzində kompüter əsaslı akademik IELTS imtahanında maksimum 9 bal üzərindən 7,5 bal toplayıb. Bu nəticə ilə Çin və İngiltərədə bir sıra prestijli universitetlərə qəbul olmaq üçün baş vurub.
Məcid Səfərli AZƏRTAC-a müsahibəsində bildirib ki, Naxçıvan Dövlət Universitetində IELTS mərkəzinin olması böyük fürsətdir. Məcid əvvəllər imtahan vermək üçün başqa yerlərə və ya xaricə getməli olduğunu deyib. Hazırda isə Naxçıvan Dövlət Universitetində imtahanı vermək imkanının olması ona böyük fürsət və rahatlıq qazandırıb.
M.Səfərli IELTS proqramına hazırlaşmadan öncə İngilis dilini B1 səviyyəsində bildiyini qeyd edib: “Qrammatika və oxumada yaxşı idim, amma danışıq bacarığım zəif idi. IELTS-ə hazırlıq zamanı isə bu sahədə özümü inkişaf etdirdim. Martın 13-də IELTS imtahanını verdim. İmtahan bir az stresli keçdi, xüsusilə dinləmə hissəsi imtahanın əvvəlində olduğu üçün bir az çətinlik yaşadım. Amma ümumilikdə yaxşı nəticə əldə etdim və 7,5 bal topladım”
Xatırladaq ki, NDU IELTS Qeydiyyat və İmtahan mərkəzi Britaniya Şurası və Naxçıvan Dövlət Universitetinin əməkdaşlığı ilə fəaliyyətə başlayıb. Bu günə qədər mərkəzdə 250-dən artıq müəllim, tələbə və şagird imtahan verib. Eyni zamanda universitetdə 2023-cü ildən fəaliyyət göstərən SAT Qeydiyyat və İmtahan mərkəzi də var. Burada da 216 şagird imtahan verib, 5 nəfər İran və Türkiyə vətəndaşı imtahanlarda iştirak edib. NDU-dakı beynəlxalq imtahan mərkəzləri IELTS, SAT xarici universitetlərdə təhsil almaq istəyən şagirdlərə təhsilə əlçatanlığını təmin edir.
Naxçıvan Dövlət Universiteti (NDU) IELTS Qeydiyyat və İmtahan mərkəzində növbəti rəsmi IELTS imtahanı aprelin 17-si və 18-i təşkil olunacaq.