“Sağlam nəqliyyat – sağlam gənclik” layihəsinin başlanmasına həsr olunmuş mərasim keçirilmişdir VİDEO
Bakı, 22 fevral (AZƏRTAC, Anar Rzayev). Fevralın 22-də Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “İrəli”, “Gənclər turizm”, “Təbiət dostları” Gənclər İctimai birlikləri (İB), Yaşıl Velosipedçilər Klubu və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə əməkdaşlığı ilə reallaşdırılan “Sağlam nəqliyyat - sağlam gənclik” layihəsinin başlanmasına həsr olunmuş mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin nəzarət-təftiş komissiyasının sədri Xaqani Fərəcov layihənin məram və məqsədi barədə məlumat vermişdir.
Bildirilmişdir ki, layihənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların arasında sağlam həyat tərzinin aşılanması prosesində velosipedin rolunun artırılmasıdır.
“Təbiət dostları” Gənclər İB-nin nümayəndəsi Elşən Nuriyev və digər çıxış edənlər də tədbirin əhəmiyyətini vurğulayaraq bildirmişlər ki, artıq bir çox xarici ölkələrdə velosiped əsas nəqliyyat vasitəsi kimi istifadə olunur. Bunun Azərbaycanda da geniş yayılması ekologiyanın mühafizəsində böyük rol oynaya bilər.
Layihə Bakı şəhərində velosipedin təbliğ edilməsi məqsədilə təlim proqramı, velotur və velosərginin keçirilməsi fəaliyyətlərini özündə birləşdirəcəkdir.
Layihə çərçivəsində martın 1-də təlim proqramında iştirak edən gənclərin iştirakı ilə Bakıda, Dənizkənarı Milli Parkda böyük velotur həyata keçiriləcəkdir.
Martın 2-də isə paytaxtımızda velosiped satışı ilə məşğul olan qurumların iştirakı ilə “Park Bulvar” Əyləncə və Ticarət Mərkəzində velosiped sərgisi və layihənin bağlanış mərasimi baş tutacaqdır.