Şahbuz rayonunda özünüməşğulluq proqramına cəlb edilən sakinlərlə görüş keçirilib
Şahbuz, 30 iyun, AZƏRTAC
Şahbuz rayonunda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə özünüməşğulluq proqramına cəlb edilən sakinlərlə görüş olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunmasının təşkili, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı və digər zəruri işlərlə bağlı müvafiq məlumatlar verilib, suallar cavablandırılıb.
Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra müvafiq təşkilatların əməkdaşları Şahbuz rayonu ərazisində proqram çərçivəsində qurulmuş təsərrüfatlara baş çəkib, sakinlərə zəruri tövsiyələr veriblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb. Dövlət Proqramının icrası çərçivəsində muxtar respublikada sosial qayğıya ehtiyacı olan аilələrin аktiv əməyə cəlb еdilməsi, özünüməşğulluğunun təmin оlunmаsı daim diqqət mərkəzində saxlanılır. Bu bахımdаn özünüməşğulluq proqramı sosial qayğıya ehtiyacı olan şəxslərin ailə təsərrüfatlarını qurmalarına, əmək potensialları çərçivəsində gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına yönəlib. Proqramının icrasına paralel olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikanın şəhər və rayonlarında maarifləndirici tədbirlərin icrası da davam etdirilir.