REGİONLAR
Salyanda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artıb
Salyan, 8 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Salyan rayonunda əhaliyə 40 milyon 3,2 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisəli qiymətlərlə 0,3 faiz çox ödənişli xidmətlər göstərilib.
Salyan Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ümumi ödənişli xidmətin 5 milyon 501,7 min manatı və ya 13,8 faizi hüquqi şəxslər, 34 milyon 501,5 min manatı, yaxud 86,2 faizi hüquqi şəxs yaratmadan ödənişli xidmətlər göstərən fərdi sahibkarlar tərəfindən həyata keçirilib.
Hesabat dövründə xidmət müəssisələri hər bir rayon sakininə orta hesabla 287,8 manat dəyərində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,3 manat və ya 10,1 faiz çox müxtəlif növ ödənişli xidmətlər göstərib.
Əhaliyə göstərilən ödənişli xidmətlərin 11,6 faizini, yəni 4 milyon 640,6 min manatını məişət xidmətləri təşkil edib. Məişət xidmətlərinin 12,5 min manatı və ya 0,3 faizi hüquqi şəxslərin, 4 milyon 628,1 min manatı, yaxud da 99,7 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların payına düşüb.
Bu ilin yanvar-iyun aylarında ictimai iaşə xidmətinin həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisəli qiymətlərlə 17,9 faiz artaraq 3 milyon 856,3 min manat olub. Ümumi rayon üzrə ictimai iaşə xidmətinin həcminin 21,3 min manatı, yəni 0,6 faizi hüquqi şəxslərin, 3 milyon 835 min manatı, yəni 99,4 faizi hüquqi şəxs yaratmadan fəaliyyəti göstərən fərdi sahibkarların obyektləri tərəfindən həyata keçirilib.