Şamaxı turistlər üçün maraqlı bölgəyə çevrilir
Şamaxı, 7 fevral (AZƏRTAC). Bu gün Şamaxı nəinki əsrarəngiz təbiəti, gözəl flora və faunası, habelə qədim tarix və mədəniyyət abidələri, sənətkarlıq nümunələri, görkəmli şəxsiyyətləri ilə də məşhurdur. Təsadüfi deyildir ki, belə bir məşhur bölgəyə gələn turistlərin sayı da ildən-ilə artır.
AZƏRTAC xəbər verir ki, turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bölgənin turizm həyatını xeyli canlandırmışdır. Artıq burada 900 yerləşdirmə yeri olan 25 istirahət mərkəzi, otel turistlərə xidmət göstərir.
Hazırda rayon üzrə turist marşrutlarının sayı 5-ə çatmışdır. Şamaxı-Pirqulu-Dəmirçi kəndi, Şamaxı-Gülüstan qalası, Şamaxı-Kələxana kəndi, Şamaxı-Göylər kəndi, Şamaxı-Bəyqurd qalası marşrutları turistlərdə unudulmaz təəssürat yaradır.
Bu marşrutlarda onlar XVIII-XIX əsrlərə aid Yeddi Günbəz abidələri, Pir-Mərdəkan xanəgahı, Göylər kəndindəki XII əsr kurqanları, VII-XV əsrlərə aid Gülüstan qalası və nəhayət, XII-XV əsrlərə aid Bəyqurd qalası (Buğurd qalası da deyilir) kimi tarixi abidələrlə tanış olurlar.
Son illərdə Şamaxıya Türkiyədən, İrandan, Almaniyadan, Rusiyadan və digər xarici ölkələrdən gələnlərin də sayı xeyli artmışdır. Əgər 2011-ci ildə Şamaxıya ümumilikdə 70150 nəfər gəlmişdisə və onlardan 3650 nəfəri xarici turist olmuşdusa, 2012-ci ildə bu rəqəm müvafiq olaraq 71100 və 5500 nəfər təşkil etmişdir. 2013-cü ildə isə bölgəyə gələn turistlərin sayı 81000 nəfərə çatmışdır ki, onların da 9700 nəfəri əcnəbilər olmuşlar.