Şamaxıda baharın gəlişi böyük sevinc və təntənə ilə qeyd olunub VİDEO












Şamaxı, 19 mart, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxı şəhərində baharın gəlişi yüksək əhvali-ruhiyyə və rəngarəng tədbirlərlə qarşılanır.
Novruz şənlikləri rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, parkda bayrama xüsusi ab-hava qatmaq üçün qədim məişət əşyaları və xalq sənəti nümunələri nümayiş etdirilib. Məktəb şagirdlərinin əl işlərindən ibarət sərgi maraqla qarşılanıb. Novruz süfrəsinin ayrılmaz hissəsi olan müxtəlif çeşidli milli yeməklər və şirniyyatlar qonaqlara təqdim olunub. Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətlərimizi bir daha canlandırıblar.
Bayramın əsas rəmzlərindən olan tonqal ənənəyə uyğun olaraq alovlandırılıb.
Şənlikdə incəsənət ustaları və bədii özfəaliyyət kollektivləri maraqlı çıxışlar ediblər. Uşaq və gənclərin ifasında səslənən Novruz mahnıları, şeirlər, eləcə də xalq oyunları bayram şənliyinə xüsusi rəng qatıb.