Sankt-Peterburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edilib
Moskva, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Sankt-Peterburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ali məktəbində təhsil aldığı Qoroxova küçəsindəki 6 nömrəli binanın qarşısında onun xatirəsi yad edilib.
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun əməkdaşları, “Naxçıvan” ictimai təşkilatının və Ümumrusiya Azərbaycan Konqresinin Leninqrad vilayəti üzrə regional şöbəsinin nümayəndələri, habelə Neva çayı sahilində yerləşən bu şəhərin Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər.
Çıxış edənlər Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara böyük diqqət yetirdiyini və dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporu nümayəndələrinin sıx birləşməsində onun rolunu xüsusi vurğulayıblar.
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov qeyd edib ki, Heydər Əliyev ölkənin çətin vaxtlarında Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafına şərait yaradıb, ölkənin dünya birliyinə inteqrasiyasına kömək göstərib. Diplomat toplaşanlara Heydər Əliyevin düşünülmüş, məqsədyönlü fəaliyyətindən və Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanın güclü müstəqil dövlətə çevrilməsindən söhbət açıb.
“Naxçıvan” ictimai təşkilatının sədri İdris Qəhrəmanov xaricdə yaşayan azərbaycanlıların Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyası ətrafında birləşməsinin vacib olduğunu bildirib.
Ümumrusiya Azərbaycan Konqresinin Leninqrad vilayəti üzrə regional şöbəsinin sədri Tofiq Qasımov Azərbaycanın nailiyyətlərində və Rusiya Federasiyası ilə münasibətlərin inkişafında Heydər Əliyevin mühüm rolundan danışıb.
Tədbirin sonunda Azərbaycan xalqının Ümummilli Liderinin barelyefi önünə tər çiçəklər düzülüb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva