Şanlı Zəfərimiz Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir
Bakı, 3 may, AZƏRTAC
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 3-də Suraxanı rayonunda “Nə qədər ki Azərbaycan var, mən də varam” adlı tədbir keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, YAP Suraxanı rayon təşkilatı tərəfindən təşkil olunan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, Ümummilli Lider hər zaman öz doğma xalqına güvənirdi. Ulu Öndəri hakimiyyətə xalq dəvət etdi. Çünki Heydər Əliyevi xalqının taleyi, gələcəyi, qayğıları maraqlandırırdı. Heydər Əliyev doğma xalqının tarixinə öz adını qızıl hərflərlə yazan böyük xilaskar, bütün bir xalqı öz ətrafında birləşdirən və gələcəyə aparan öndər idi.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov deyib ki, müasir Azərbaycan Heydər Əliyevin xalqımıza tarixi mirasıdır. Ulu Öndər müstəqil Azərbaycanın banisi, xalqımızın xilaskarıdır.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov qeyd edib ki, Heydər Əliyev xalqın böyük müəllimi idi. Ulu Öndər Azərbaycan xalqına rifah, müstəqillik bəxş etdi.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov diqqətə çatdırıb ki, Ümummilli Lider Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrini qoruyan görkəmli dövlət xadimi, fenomenal şəxsiyyətdir.
Şəhid anası, YAP Suraxanı rayon təşkilatının fəal üzvü Xalidə Həmzəyeva qazanılan şanlı Zəfərimizin Heydər Əliyev siyasətinin məntiqi nəticəsi olduğunu deyib.
Vətən müharibəsi qazisi Hasil Hümbətov isə vurğulayıb ki, Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi olaraq adını tarixə qızıl hərflərlə yazdırıb.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərmanlar, partiya sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.