SAZİŞ LAYİHƏSİ RAZILAŞDIRILMIŞDIR
Sentyabrın 15-də Bakıda Azərbaycan və Rusiya mütəxəssisləri bitkilərin karantini sahəsində hökumətlərarası saziş layihəsinin razılaşdırılmasını başa çatdırmışlar.
Respublika Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Məmmədəli Dünyamalıyev AZƏRTAC-a bildirmişdir ki, iki ölkənin aparıcı ekspertlərinin bir neçə ay ərzində üzərində çalışdıqları sənəd beynəlxalq standartların bütün tələblərini nəzərə almaqla yanaşı, hər iki tərəfin mənafeyini əks etdirir. Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin mütəxəssisləri Azərbaycandan Rusiyaya ixrac üçün nəzərdə tutulmuş karantin məhsulunun fitosanitariya sertifikatlaşdırılması sistemini ətraflı öyrənərək əmin olmuşlar ki, ölkəmizdə qəbul edilmiş nəzarət sistemi belə məhsulun ixracı zamanı beynəlxalq və Rusiya fitosanitariya tələblərinə tam uyğundur.
Əməkdaşlığın davam etdirilməsi, o cümlədən fitosanitariya nəzarəti sahəsində mütəxəssislərin mübadiləsi və digər istiqamətlərdə razılaşmalar əldə olunmuşdur.