Səbinə Əliyeva: Hüquqi islahatlar fonunda ombudsman təsisatının fəaliyyəti mütəmadi şəkildə təkmilləşdirilir
Bakı, 4 may, AZƏRTAC
Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqlarının inkişafı, müstəqil məhkəmədənkənar hüquq-müdafiə mexanizmi olan ombudsman təsisatının əsasının qoyulması ilə bağlı olduqca vacib islahatların həyata keçirilməsi əziz xatirəsi xalqımız tərəfindən daim dərin hörmətlə yad edilən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda konfransda çıxışında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.
“Azərbaycanda Ombudsman institutunun yaradılması Heydər Əliyevin adı ilə bağlıdır” adlı mövzusunda çıxış edən Səbinə Əliyeva bildirib ki, məhz Ulu Öndərin rəhbərliyi ilə milli dövlətçiliyin möhkəmlənməsi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrin, məhkəmə-hüquq sisteminin inkişafı, o cümlədən insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində aparılmış mütərəqqi islahatlar nəticəsində ölkəmiz çoxsaylı uğurlar qazanıb. Azərbaycanın müxtəlif inkişaf mərhələlərində bilavasitə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında insan hüquq və azadlıqlarının daha səmərəli təmininə nail olmaq məqsədilə bir sıra strateji əhəmiyyətli sənədlər hazırlanıb və təsdiq edilərək icra olunub.
Ombudsman təsisatı müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi, milli insan hüquqları institutu kimi ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunub, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması istiqamətindəki fəaliyyətini uğurla davam etdirməklə dövlətimizin ali məqsədinin təmininə xidmət edir.
Ombudsmanın fəaliyyətini tənzimləyən əsas qanunvericilik aktının ən yüksək və birbaşa hüquqi qüvvəyə malik Konstitusiyanın ayrılmaz hissəsi hesab edilən Konstitusiya Qanunu olması da məhz dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin bariz təzahürüdür.
Sevindirici haldır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş insan hüquqları sahəsində hüquqi islahatlar hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəal dəstəyi ilə uğurla davam etdirilir.
Təqdirəlayiq haldır ki, hazırda Prezident İlham Əliyevin fəal dəstəyi ilə yeni dövrün tələbləri və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər nəzərə alınmaqla aparılan hüquqi islahatlar fonunda Ombudsman təsisatının fəaliyyəti mütəmadi şəkildə təkmilləşdirilərək inkişaf etdirilir.
Ötən dövrdə dövlət başçısı tərəfindən İnsan Hüquqları üzrə Müvəkkilinin mandatının beynəlxalq hüquq normalarına uyğun olaraq genişləndirilməsi ilə bağlı əhəmiyyətli təşəbbüslər irəli sürülüb.
Son belə təşəbbüs nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə ombudsmanın mandatı genişləndirilib, “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın və “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsi, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının həyata keçirilməsi üzrə səlahiyyəti təsbit olunmuş, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla, xarici ölkələrin insan hüquqları təsisatları ilə əməkdaşlıq etmək, bu məqsədlə müqavilələr (sazişlər) bağlamaq və beynəlxalq qurumlarda təmsil olunmaq mandatı rəsmi qaydada müəyyən edilib.
Qanunvericiliyə edilmiş bu dəyişikliklər ombudsmanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına, qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiq edilməsinə, bununla da təsisatın beynəlxalq nüfuzunun artırılmasına yönəlib.
Hazırda ombudsmanla Konstitusiya Məhkəməsi və digər məhkəmə orqanları, Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası arasında mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələri hüquq və azadlıqların daha səmərəli təmin edilməsi və pozulmuş hüquqların bərpasında mühüm rol oynayır.
Hüquq və azadlıqların müdafiəsi ilə bağlı ombudsmanın ünvanına daxil olan şikayətlər üzrə Konstitusiya Qanunu ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində araşdırmalar aparılır, Ədliyyə Nazirliyinə, aidiyyəti məhkəmə orqanlarına və Məhkəmə Hüquq Şurasına müraciətlər edilir, insan hüquqlarının təmini istiqamətində birgə tədbirlər həyata keçirilir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil bir qurum olaraq yaradılan və artıq 20 ildən çoxdur ki, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən ombudsman təsisatı bu gün qanunvericilik, icra və məhkəmə hakimiyyətləri, aidiyyəti dövlət qurumları, o cümlədən Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası, habelə yerli özünüidarə orqanları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığını bu gün də uğurla davam etdirməkdədir.