Səbinə Əliyeva: Sahibkarların pozulmuş hüquqlarının bərpası məsələləri ombudsmanın fəaliyyətinin prioritet istiqamətlərindəndir
Bakı, 14 iyul, AZƏRTAC
İstər azad sahibkarlıq hüququnun təmini və sahibkarların pozulmuş hüquqlarının bərpası məsələləri, istərsə də sahibkarlıq fəaliyyəti zamanı insan hüquq və azadlıqlarının müdafiəsi problemləri ombudsmanın fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Bu fəaliyyət müraciətlərin araşdırılması, analitik təhlillər, maarifləndirmə işinin təşkili və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilir. Ötən dövr ərzində normativ hüquqi akt layihələrinə dair təqdim etdiyimiz bir çox rəy və təkliflər nəzərə alınıb ki, bu da müvafiq sahələr üzrə boşluqların aradan qaldırılmasına, funksional və normativ problemlərin həllinə imkan verib.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 14-də Ali Məhkəmə tərəfindən “Femida Dialoq Platforması” çərçivəsində sahibkarlarla görüşdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
Diqqətə çatdırıb ki, sadalanan istiqamətlər üzrə fəaliyyət dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar, habelə özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Azərbaycan Sahibkarlar Konfederasiyası və KOBİA ilə əməkdaşlıq bu baxımdan xüsusi önəm kəsb edir. Bununla yanaşı, həm Ombudsman haqqında Konstitusiya Qanununun tələblərindən, həm də BMT və Avropa Şurasının standartlarından irəli gələrək insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində məhkəmə orqanları ilə qarşılıqlı fəaliyyətimiz də uğurla davam etdirilir. Beynəlxalq normalara əsaslanan bu praktika dünya ölkələrinin qanunvericiliyi ilə də təsbit olunur və geniş şəkildə tətbiq edilməkdədir.
Son illər sahibkarlıq fəaliyyətinin insan hüquqlarına təsiri məsələlərinin beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə tədqiq olunduğunu söyləyən Səbinə Əliyeva deyib: “Bu baxımdan, BMT tərəfindən qəbul edilən “Biznes və insan hüquqları sahəsində Rəhbər Prinsiplər” xüsusi əhəmiyyət kəsb edir. Bu sənəd həm dövlətlər, həm də şirkətlərin insan hüquqlarına riayət etmələrinə dair öhdəliklərini, habelə pozuntu hallarında hüquq müdafiə vasitələrinə çatımla bağlı mühüm müddəaları nəzərdə tutur. Sənəddə məhkəmələr və ombudsman təsisatları əsas hüquqmüdafiə vasitələri kimi təsbit olunur. Bununla yanaşı Prinsiplər mübahisələrin məhkəməyəqədər həlli üçün şirkətlərin özləri tərəfindən müvafiq mexanizmin yaradılmasını da nəzərdə tutur”.
Ombudsman qeyd edib ki, hazırda ölkəmizdə Rəhbər Prinsiplərin milli qanunvericiliyə implementasiyası və milli fəaliyyət planının hazırlanması üzrə işlər aparılır. Bu sahədə əlaqələndirici qurum kimi ombudsman təsisatı çıxış edir. Bununla əlaqədar cari ilin əvvəlində BMT-nin Azərbaycan ofisi ilə Ombudsman təsisatı arasında birgə fəaliyyətə dair tədbirlər planı da təsdiq edilib. İlkin olaraq, ölkəmizdə biznes və insan hüquqları sahəsində mövcud vəziyyətin araşdırılması və zəruri tövsiyələrin hazırlanması üzrə iş aparılır. Əminliyini ifadə edib ki, birgə əməkdaşlıq sayəsində qarşıya qoyulan bu məqsədlərə də ən yüksək səviyyədə nail olunacaq.