Səbinə Feyzullayeva: Böyük arzulara çatmaq üçün daim oxumaq, öz üzərində çalışmaq lazımdır
Sumqayıt, 6 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
2000-ci ilin sentyabr ayında Sumqayıtda mühəndis ailəsində bir qız dünyaya göz acdı. Valideynləri ona Səbinə adı verdi. Uşaqlıqdan ciddi görünən bu qızcığaz dörd yaşında səlis oxumağı və yazmağı bacarır, beş yaşında isə ingilis dilini öyrənirdi... Ətrafdakılar onun potensialını görüb bir ağızdan “bu vunderkinddir” deyirdilər. Söhbət bu il Azərbaycan Tibb Universitetini (ATU) ən yüksək nəticə ilə - 98,21 balla bitirən Səbinə Feyzullayevadan gedir. O, ATU-nun Müalicə-profilaktika fakültəsindən məzun olub.
AZƏRTAC-ın müxbiri ilə həvəslə söhbət edən Səbinə bildirib ki, rezidenturanı Almaniyada keçmək niyyətindədir. Bu ölkəni heç də təsadüfən seçməyib. Gələcəkdə kardioloq olmaq istəyi onu məhz alman tibb məktəbinin sirlərini öyrənməyə sövq edib. Son iki ilin yay tətili zamanı Almaniyanın Düsseldorf şəhərində təcrübə də keçib. Fikirlərini almanca səlis ifadə edən Səbinə dil biliyinin də təkmilləşdirilməsi ilə ciddi məşğul olduğun bildirib.
“Səbinə altı il öncə qızıl medalla Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı bitirərək 690 balla ATU-nu seçdi”, - deyən direktor, Əməkdar müəllim Nizami Əhmədov böyük fərəhlə məzunu haqqında danışdı. “Həm Səbinə, həm də onun kiçik qardaşı Samir bizim gimnaziyada oxuyublar. Hər ikisi sakit, ağıllı uşaqlardır. Səbinə ciddi, dərsə məsuliyyətlə yanaşan, çalışqan, nümunəvi davranışlı şagird idi. Olimpiada qalibi kimi də gimnaziyamızın tarixinə imza atıb. Bir sözlə, fərqlənən şagird olub! Baxın, o, universitetə Prezident təqaüdçüsü kimi qəbul olub və altı ilin hər ilində bu statusu yüksək nəticələrlə əldə saxlayıb. Məndə olan məlumata görə, onunla eyni siyahıda olan Prezident təqaüdçülərindən təkcə Səbinə belə yüksək nəticə ilə ali təhsilini başa vurub”,- deyə Nizami müəllim əlavə edib.
Vaxtilə zamanın tələbi kimi həkimlik peşəsini seçsə də, universitet illərində ona daha çox maraq göstərdiyini və bağlandığını deyən Səbinə “Mən həmişə uğur qazanmağın yalnız əzm, çox çalışmaqla əldə olunacağına inanmışam. Bu ideyama sadiq qalıb həkim adını qazanmışam. Tibb təhsili bizə sadəcə ixtisas bilikləri vermir, həmçinin real düşünmə, sosial məsuliyyət aşılayır, özümüzü hər an inkişaf etdirmək üçün motivasiya verir”.
Səbinə əmindir ki, böyük arzularına çatmaq üçün daim oxumaq, öyrənmək, öz üzərində çalışmaq həvəsini itirməmək gərəkdir. O, çətin, eyni zamanda, maraqlı bir yolun astanasındadır. İnanırıq ki, zaman keçəcək, doktor Səbinə Feyzullayevanın sorağı hər bir azərbaycanlını qürurlandıracaq.