Səfir: Azərbaycan Türkmənistanın bitərəflik siyasətini qətiyyətlə dəstəkləyir
Aşqabad, 11 dekabr, AZƏRTAC
Dekabrın 12-də Türkmənistanın bitərəflik statusu əldə etməsinin 19 illiyi tamam olur. Bu münasibətlə ölkənin rəsmi mətbuat orqanı olan “Neytralnıy Türkmənistan” qəzetinin 2014-cü il 11 dekabr tarixli nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Vəhdət Sultanzadənin “Daimi bitərəflik Türkmənistanın milli liderinin müdrik siyasətinin zirvəsidir” başlıqlı məqaləsi dərc edilib.
Məqalədə Türkmənistanın müstəqillik illəri ərzində əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdə artan nüfuzu, Prezident Qurbanqulu Berdiməhəmmədov tərəfindən aparılan “açıq qapı” siyasəti nəticəsində ölkəyə xarici sərmayə axınının təmin edilməsi, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların kürsülərindən səsləndirilən təşəbbüslərin əhəmiyyəti qeyd olunub. Səfir qardaş Azərbaycan xalqı və onun görkəmli lideri İlham Əliyev tərəfindən Türkmənistanın bitərəflik siyasətinin qətiyyətlə dəstəkləndiyini diqqətə çatdırıb.
Vəhdət Sultanzadə, habelə aktual dünya və regional problemlərə münasibətdə oxşar mövqedən çıxış edən qardaş Azərbaycan və Türkmənistan xalqları arasında səmimi və sıx dostluq münasibətləri, xüsusən BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək dəyərləndirib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad