Şəhid Əli Nəcəfovun xatirəsi ehtiramla anılıb
Masallı, 25 may, Bağır Əliyev, AZƏRTAC
Masallının Tüklə kəndində Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun əsgəri Əli Seyran oğlu Nəcəfovun anadan olmasının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları şəhid Əli Nəcəfovun məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Anım tədbirində çıxış edənlər Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Əli Nəcəfovun göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Sonra məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Qeyd edək ki, Əli Seyran oğlu Nəcəfov 1998-ci il mayın 24-də Masallı rayonunun Tüklə kəndində anadan olub. O, 2016-2020-ci illərdə Azərbaycan Universitetinin maliyyə fakültəsində “Maliyyə və iqtisadiyyat” ixtisası üzrə ali təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra 2020-ci ildə Sumqayıt şəhərində, daha sonra isə Qobustan rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini yerinə yetirib.
Vətən müharibəsində Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük şücaət göstərən igid döyüşçü 2020-ci ilin oktyabrın 20-də qəhrəmancasına şəhid olub. O, oktyabrın 22-də doğulub boya-başa çatdığı Tüklə kəndində dəfn edilib.
Cəsur döyüşçü subay idi.
Əli Nəcəfov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.