REGİONLAR
Şəhid Elzamin Tağıyevin doğum günündə xatirəsi anılıb
Beyləqan, 11 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xocavənd rayon Qaradağlı kənd sakini Tağıyev Elzamin Eyvaz oğlu doğum günündə Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə şəhidlərin məzarları önünə qərənfillər düzüb, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlardan danışıb, şəhid Elzamin Tağıyevin şərəfli döyüş yolu haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, Tağıyev Elzamin Eyvaz oğlu 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə atılıb, oktyabrın 11-də yaralanıb, müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılıb. Noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şəhidin atası Eyvaz Tağıyev övladının qəhrəmanlığı ilə fəxr etdiyini bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə öz dərin minnətdarlığını ifadə edib.