Şəhid leytenant Ravil Hümbətovun ailəsi ziyarət edilib
Bakı, 18 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Novruz bayramı ərəfəsində şəhid leytenant Ravil Hümbətovun ailəsini ziyarət edib, onun yadigarı olan qızları Şəms və Melisa ilə görüşüb.
Agentliyin İnformasiya təminatı və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ziyarət zamanı şəhidin vətənpərvərliyindən, eləcə də 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən bəhs edilib. Ravil Hümbətovun əziz xatirəsinin hər birimizin qəlbində əbədi yaşayacağıvə onun ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılıb.
Şəhid leytenantın ailəsi nazirlik tərəfindən ikiotaqlı mənzillə təmin edilib. Ailəyə sosial ödənişlər təyin edilib və digər sosial dəstək tədbirləri həyata keçirilib.
Qeyd edək ki, Ravil Hümbətov Vətən müharibəsinin iştirakçısıdır, O, 2022-ci ilin sentyabrında aparılan hərbi əməliyyatlar zamanı şəhid olub. “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.