Şəhidlər xalqımızın qəhrəmanlıq salnaməsini yazmışlar
Bakı, 21 yanvar (AZƏRTAC). 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Bu qanlı hadisədən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə dərin nifrət hissi bəsləyir. 20 Yanvar faciəsini xalqımız heç vaxt unutmayacaq, həmin gün şəhid olmuş oğul və qızlarımızın xatirəsini daim uca tutacaqdır.
Gənclərin Töhfəsi İctimai Birliyi (GTİB) yanvarın 19-da ziyalıların, gənclərin və şəhid ailələrinin iştirakı ilə tədbir keçirmişdir. Azərbaycan Respublikasının dövlət himni oxunduqdan və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra birliyin sədri Asim Vəliyev tədbiri açıq elan etmiş, 20 Yanvar hadisələri haqqında qısa məlumat vermişdir. A.Vəliyev demişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə milli azadlığımız, müstəqilliyimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc vətəndaşlarımıza divan tutmaq məqsədi ilə Bakıya və respublikamızın digər bölgələrinə sovet hərbi hissələri yeridilmişdir. Görünməmiş qəddarlıq və amansızlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 134 dinc sakin vəhşicəsinə qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar da vardı. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciə və cinayətlərdən biridir.
Sonra Bakı Dövlət Universiteti tarix fakültəsinin müəllimi, professor Nuru Məmmədov çıxış edərək 20 Yanvar faciəsini törədənlərin tarixdə qara ləkə olduğunu bildirmiş, hadisələrin başvermə səbəblərini xronoloji ardıcıllıqla izah etmişdir.