Şəhidlərimizin əziz xatirəsi əbədi yaşayacaqdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Komitənin sədri Hicran Hüseynova tədbiri açaraq 1990-cı ilin “Qanlı Yanvar” hadisələrindən bəhs etmiş, bu cinayətin xalqımızın milli-azadlıq hərəkatını boğmağa yönəlmiş antihumanist siyasətin acı nəticəsi olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası rəhbərlərinin göstərişi ilə xüsusi hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox bölgəsinə yeridilmiş, dinc əhaliyə xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə divan tutulmuşdur. Torpaqlarının müdafiəsi naminə mübarizəyə qalxmış yüzlərlə silahsız insan, o cümlədən yaşlılar, qadınlar və uşaqlar qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşlər.
Komitə sədri 20 Yanvar faciəsinin unudulmadığını, şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağını bildirmişdir.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri İradə Bağırova 20 Yanvar faciəsinin tarixindən, bu qırğına verilən hüquqi-siyasi qiymətdən danışmışdır. Qeyd olunmuşdur ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiyməti ilk dəfə ümummilli lider Heydər Əliyev vermişdir. Ulu öndər bu dəhşətli hadisəyə kəskin bəyanatla münasibətini bildirmiş, Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu qətliama siyasi qiymət verilmiş, şəhidlərin xatirəsi əbədiləşdirilmiş, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilmişdir. Bakı şəhərində şəhidlərin xatirəsinə möhtəşəm abidə ucaldılmış, onların uyuduğu torpaq soydaşlarımız üçün and yerinə çevrilmişdir.
######
