Şəhidlərimizin ruhu bizim üçün daim əzizdir
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanına gələn minlərlə insan arasında ağbirçək Şərqiyyə Əliyeva da vardı.
Nəvələri ilə Şəhidlər xiyabanına gələn Şərqiyyə Əliyeva AZƏRTAC-a demişdir ki, vaxtilə güvənib, etibar etdiyimiz sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda ağlasığmaz vəhşiliklər törədərək, günahsız, əliyalın insanları qətlə yetirmişlər. O vaxt bu hadisələrə ümummilli liderimiz Heydər Əliyev sərt münasibət bildirmiş, ölkəmizin haqq səsini ilk dəfə dünyaya çatdırmışdır. Məhz ulu öndərimizin qətiyyəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir. Ulu öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev də ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, onlara dövlət qayğısının daha da artırılması məqsədi ilə mühüm qərarlar qəbul edir. Dövlətimizin başçısının bu yaxınlarda imzaladığı Fərmanla 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi də bu qayğının bariz nümunəsidir.
Ağbirçək demişdir ki, o vaxtdan 21 il keçsə də şəhidlərimizin ruhu bizim üçün daim əzizdir. Qoy şəhidlərimiz rahat uyusunlar. Çünki onların azadlığı uğrunda canlarından keçdiyi bu Vətən bu gün inkişaf edir, böyük uğurlara imza ataraq sabaha inamla baxır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!